Rusiyanın “Mi-28NM” zərbə helikopterindən “Dan-T” adlı pilotsuz döyüş sursatının buraxılışı ilk dəfə videoya çəkilib.
Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb və müvafiq görüntüləri ictimaiyyətə təqdim edib.
Nazirliyin açıqlamasına görə, kiçikölçülü qanadlı raketlər kateqoriyasına aid edilən sursat “Qərb” qoşun qruplaşmasının məsuliyyət zonasında müəyyən edilmiş hədəfə qarşı tətbiq olunub. Qurum raketin əvvəlcədən təyin edilmiş koordinatlar üzrə hədəfi uğurla vurduğunu iddia edib.
Yayımlanan kadrlarda “Mi-28NM” helikopterinin iki raketlə havaya qalxması və onlardan birinin uçuş zamanı ayrılması əks olunub.
Noyabr ayında yayılan məlumatlarda “Dan-T” raketinin 130 kiloqramadək döyüş başlığı daşıya bildiyi qeyd olunub. Bildirilir ki, sursatın uçuş məsafəsi 450 kilometrə, maksimal sürəti isə saatda 500 kilometrə çatır. Onun start kütləsi 268 kiloqramdır.
