Türkiyənin Muğla vilayətinin Seydikemer rayonunda iyulun 29-da başlayan irimiqyaslı meşə yanğınının söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.
Army.az xəbər verir ki, NTV telekanalının yaydığı məlumata görə, iyulun 30-na keçən gecə və səhər saatlarınadək alovu tam nəzarət altına almaq mümkün olmayıb.
Rəsmi məlumatda qeyd olunub ki, təhlükəsizlik məqsədilə yanğın zonasındakı 408 evdən ümumilikdə 703 nəfər təxliyə edilib. Bundan başqa, rayon dövlət xəstəxanasında müalicə alan 45 pasiyent də təhlükəsiz əraziyə köçürülüb.Muğla valiliyinin açıqlamasına əsasən, yanğın altı yaşayış məntəqəsində 55 tikiliyə ziyan vurub, bəzi binalar isə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Yanğının söndürülməsi əməliyyatına 25 hava vasitəsi, 410 yerüstü texnika və 1 100 nəfərdən ibarət şəxsi heyət cəlb olunub.
