Aralıq seçkilərində qələbə qazanan Demokratlar Partiyasının Konqresdəki bəzi üzvləri ABŞ Prezidenti Donald Trampın barəsində araşdırma aparılacağını və onun ifadə vermək üçün dinləmələrə çağırılacağını bəyan ediblər.
Army.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin üzvü, demokrat Robert Qarsiya “X” sosial şəbəkəsində Trampa müraciətlə “Vəkilləriniz indidən işə başlasınlar”, – deyə yazıb.
Demokrat senator Ed Marki isə partiyadaşlarının rəqibləri ilə bağlı çağırış vərəqələri çap etdirmək üçün kifayət qədər kağız əldə etmək məqsədilə “yeni meşələr salmalı olacaqlarını” bildirib.
Konqres üzvü Deliya Ramires də sosial şəbəkə hesabında barəsində araşdırma başlada biləcəyi şəxslərin siyahısını paylaşıb. Siyahıda ABŞ-ın keçmiş daxili təhlükəsizlik naziri Kristi Noem, onun xələfi Markueyn Mallin, Ağ Ev Administrasiyası rəhbərinin müavini Stiven Miller, sərhəd məsələləri üzrə koordinator Tom Homan və Sərhəd Xidmətinin keçmiş rəhbəri Qreqori Bovino yer alıb.
