Ukrayna Silahlı Qüvvələrində “Şahed” tipli pilotsuz uçuş aparatlarına qarşı fəaliyyət göstərən bəzi ekipajlar bir il ərzində heç bir dron vurmayıb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin kiçik hava hücumundan müdafiə sistemlərinin inkişafı üzrə komandan müavini, polkovnik Pavlo Yelizarov məlumat verib.
Onun sözlərinə görə, ölkənin bir bölgəsində fəaliyyət göstərən 28 ekipajdan 24-ü il ərzində bir dənə də dron məhv edə bilməyib. Ümumilikdə isə 300-dən çox ekipajın təhlili göstərib ki, cəmi 66 ekipaj 10-dan artıq “Şahed” vurub, 170 ekipaj isə ümumiyyətlə nəticə əldə etməyib.
Yelizarov qeyd edib ki, əsas problem şəxsi heyətin sayında deyil, onların hazırlıq səviyyəsindədir. Onun fikrincə, artıq səfərbər olunmuş resurs kifayət edir, lakin bu resursların daha səmərəli təşkili və istifadəsi vacibdir.
O həmçinin bildirib ki, Ukrayna 2022–2023-cü illərdə malik olduğu dron üstünlüyünü artıq itirib. Həmin dövrdə vəziyyəti dəyişmək üçün imkanların olduğunu deyən polkovnik əlavə edib ki, ərazilərin geri qaytarılması mümkün olmayıb və bu fürsət qaçırılıb.
