Ermənistanın yeni Konstitusiyasında Avropa İttifaqına (Aİ) üzvlük hədəfinin əks etdirilməsi hazırda müzakirə olunmur. Rəsmi İrəvan indiki mərhələdə belə bir addıma ehtiyac görmür.
Army.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.
O, Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın Ermənistanın Qərbə yaxınlaşmaq cəhdlərinin nəticədə ölkəni yenidən Moskvanın təsir dairəsinə sala biləcəyi barədə fikirlərini şərh edib.
Qriqoryan bu mövqeyini əsaslandırarkən 2013-cü il hadisələrini xatırladıb. Həmin vaxt Ermənistanın sabiq prezidenti Serj Sərkisyan Avropa İttifaqı ilə Assosiasiya Sazişi üzrə danışıqlar aparsa da, sonradan qərarını dəyişərək ölkənin Gömrük İttifaqına qoşulmasını elan etmişdi.
Simonyan isə keçmiş rəsmilinin yanaşması ilə razılaşmadığını bildirib. O, Qriqoryanın hakimiyyətdə olduğu son səkkiz il ərzində də Avropaya inteqrasiya tərəfdarı olduğunu xatırladaraq, həmin dövrdə hansı siyasətin həyata keçirildiyini sual edib.
Təhlükəsizlik Şurasının katibi 2013-cü il hadisələrinin indiki vəziyyətlə müqayisəsini də düzgün hesab etmədiyini vurğulayıb.
Onun sözlərinə görə, seçilmiş hakimiyyət ölkənin siyasi istiqaməti ilə bağlı qərarları müstəqil şəkildə verməlidir və bu proses xarici paytaxtların diktəsi ilə müəyyənləşdirilməməlidir.
