Rusiyalı milyarder İbrahim Süleymanov və cinayət işi üzrə digər təqsirləndirilən şəxslərə qarşı yekun ittiham irəli sürülüb. Onlar mütəşəkkil cinayətkar qrupun tərkibində qətllərin törədilməsində və qətlə cəhd hadisəsində iştirakda ittiham olunurlar. Süleymanov isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
Army.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.
Mənbənin sözlərinə görə, müstəntiqlər Süleymanova və iş üzrə digər şəxslərə ibtidai istintaqın yekunlaşdığını bildiriblər. Bununla yanaşı, milyarder təqsirini etiraf etməyib.
Məlumata əsasən, Süleymanov 2025-ci il oktyabrın 3-də Rublyovkadakı bağ evində saxlanılıb. Saxlanılaraq dindirildikdən sonra ona iki qətlin və bir qətlə cəhdin təşkilində ittiham irəli sürülüb. Sonradan cinayət işinə mütəşəkkil cinayətkar birlik yaratmaq və həmin birliyin fəaliyyətində iştirak etmək ittihamı da əlavə olunub.
İş materiallarında 1999 və 2004-cü illərdə baş vermiş qətllər, eləcə də 2025-ci ildə törədildiyi iddia olunan qətlə cəhd hadisəsi yer alır.
