Adıgeyədə Su-34 və Su-35 qırıcılarının məhv edilməsi ilə bağlı yeni versiya səsləndirilib.
Army.az xəbər verir ki, bu barədə hərbi ekspert, “Reaktivnaya poçta” fondunun təsisçisi Pavel Narojnı məlumat yayıb.
Bildirilib ki, hərbi aerodromlar adətən güclü hava hücumundan müdafiə sistemləri ilə qorunur. Buna görə də aviasiya vasitələrinin ciddi təhlükə qarşısında olduğu halda başqa aerodromlara köçürülməsi və ya havaya qaldırılması gözlənilən addım olardı.
Ekspert hesab edir ki, qırıcıların aerodromda qalması onların texniki baxımdan istifadəyə hazır olmaması ehtimalını artırır. Onun fikrincə, Su-34 və Su-35-lər ehtiyat hissələrinin əldə edilməsi məqsədilə sökülmüş ola bilər.
Narojnı hadisənin Rusiyanın hava hücumundan müdafiə imkanları ilə bağlı da suallar yaratdığını bildirib. O, ölkədə HHM sistemləri üçün raket çatışmazlığının yaşandığını iddia edib.
Ekspert bu fikrini Rusiya hərbi dairələrində HHM sistemlərinin, o cümlədən “Pantsir” komplekslərinin sursat təminatı və texniki vəziyyəti ilə bağlı səsləndirilən məlumatlarla əlaqələndirib.
