Rumıniya Ukrayna sərhədi yaxınlığında qeydə alınan naməlum hava hədəfi ilə əlaqədar iki F-16 qırıcısını havaya qaldırıb.
Army.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 25-də səhər saatlarında radiolokasiya sistemləri Qalats şəhərindən təxminən 20 kilometr şərqdə hərəkət edən hava hədəfi aşkarlayıb.
Bundan sonra Borçe şəhərindəki 86-cı aviabazada hava polisinin döyüş növbətçiliyində olan iki F-16 havaya qaldırılıb. Qırıcıların məqsədi hava məkanında yaranmış vəziyyəti müşahidə etmək olub.
Nazirlikdən bildirilib ki, aparılan müşahidələr zamanı Rumıniyanın hava məkanının pozulması faktı qeydə alınmayıb.
Hava sərhədi yaxınlığında aşkarlanan obyektin konkret olaraq nə olduğu barədə isə açıqlama verilməyib.
