Rusiya Konstantinovkanı birbaşa hərbi hücumla ələ keçirə bilmədiyi üçün şəhərin Ukrayna qüvvələri tərəfindən boşaldılmasına nail olmağa çalışır. Moskva bu məqsədlə mülki əhalinin müdafiəsi bəhanəsi ilə “humanitar əməliyyat” təşkil edə bilər.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı danışıb.
Zelenskinin sözlərinə görə, Vladimir Putin Konstantinovkanı döyüş yolu ilə ələ keçirməkdə çətinlik çəkdiyindən Ukrayna hərbçilərinin şəhəri tərk etməsində maraqlıdır.
Ukrayna lideri ABŞ nümayəndələrinə Konstantinovkada hərbi qarşıdurmanın davam etdiyini, şəhərdə Ukrayna müdafiə qüvvələri ilə Rusiya ordusunun üz-üzə olduğunu çatdırdığını bildirib.
O qeyd edib ki, Ukrayna mülki sakinlərin təhlükəsiz ərazilərə köçürülməsi üçün bütün mümkün tədbirləri görür. Bununla belə, Konstantinovkanın Rusiyanın nəzarətinə keçməsi Donbasın digər əraziləri üçün ciddi təhlükə yarada bilər. Zelenskinin fikrincə, şəhərin itirilməsindən sonra Rusiya ordusunun növbəti hədəfləri Kramatorsk və Slavyansk olacaq.
