Ev Ekspert rəyiSülh, yoxsa yeni böhran? İran–ABŞ danışıqlarında kritik mərhələ başladı

Sülh, yoxsa yeni böhran? İran–ABŞ danışıqlarında kritik mərhələ başladı

by Baş Redaktor
20 Baxış

Xəbər verdiyimiz kimi, ötən gün İsveçrənin Bürgenştok şəhərində İran–ABŞ danışıqları baş tutub. Görüş çərçivəsində İran, ABŞ, Qətər və Pakistan nümayəndə heyətləri arasında müxtəlif formatlarda müzakirələr aparılıb. Hadisədən sonra bu danışıqların İran üçün müəyyən üstünlüklər yarada biləcəyi ilə bağlı fikirlər səsləndirilib.

Mövzunun nə dərəcədə real nəticələr verəcəyi isə müzakirə olunur.

Army.az-a danışan politoloq Turab Rzayev bildirib ki, danışıqlar ətrafında ziddiyyətli açıqlamalar və qalmaqallar davam edir:

“Tərəflər bir tərəfdən razılaşmaların əldə olunduğunu bildirir, digər tərəfdən isə həm ABŞ, həm də İran rəsmiləri razılaşma maddələri ilə bağlı ziddiyyətli açıqlamalar verirlər. Hər iki ölkə sənədin şərtlərini öz interpretasiyasına uyğun şəkildə təqdim edir.

banner

Görünən odur ki, İran bu prosesi vacib hesab edir. Çünki müharibə dövründə ölkə ciddi itkilər verib, infrastruktur zərər görüb, sanksiyalar nəticəsində iqtisadiyyata böyük ziyan dəyib. Bundan əvvəl də maliyyə və iqtisadi sistemdə ciddi problemlər mövcud idi. Hazırda İrana yeni investisiyalar, dondurulmuş aktivlərin açılması və iqtisadi canlanma lazımdır. Bu səbəbdən islahatçı qanad istənilən razılaşmanı müsbət qiymətləndirir.

Turab Rzayev

Lakin başqa bir qrup daha sərt mövqe sərgiləyərək İranın daha çox qazanc əldə etməli olduğunu düşünür və danışıqlarda iştirak edənləri tənqid edir. Onlar danışıqlar prosesinin sərtləşdirilməsini və daha güclü şərtlərlə masaya oturulmasını tələb edirlər.

Eyni zamanda İran rəhbərliyi və islahatçılar anlayır ki, şərtlərin həddindən artıq sərtləşdirilməsi danışıqlar prosesini tamamilə iflasa uğrada bilər.

Bənzər vəziyyət ABŞ-da da müşahidə olunur. Vaşinqton öz şərtlərini qəbul etdirməyə çalışır və xüsusilə İranın uran proqramı və ballistik raket siyasətinə nəzarət məsələlərini gündəmdə saxlayır. Bununla yanaşı, ABŞ da həddindən artıq təzyiqin danışıqların dayanmasına səbəb ola biləcəyini anlayır və daha balanslı mövqe sərgiləyir.

ABŞ üçün əsas seçimlər isə üç istiqamətdə olub: hərbi əməliyyatların davam etdirilməsi, tam sülh razılaşması və ya uzunmüddətli gərginlik vəziyyəti. Hazırda sonuncu ssenari — yəni gərginliyin davam etdiyi, lakin açıq müharibəyə çevrilmədiyi vəziyyət müşahidə olunur.

İndi isə tərəflər ikinci variantı — yəni danışıqlar yolu ilə müəyyən razılaşmanı seçməyə çalışırlar. Lakin hazırkı mərhələdə üstünlüyün hansı tərəfdə olduğunu demək çətindir. Qarşıdakı 60 gün ərzində prosesin istiqaməti daha aydın görünə bilər. Mövcud şərtlərin tam və dəyişməz şəkildə icra olunacağı da hələlik dəqiq deyil”.

Əlaqəli Yazılar Xüsusi