Ev Ekspert rəyiAzərbaycan ŞƏT üçün niyə önəmlidir? – “Bakı regionda ciddi infrastruktur qurub”

Azərbaycan ŞƏT üçün niyə önəmlidir? – “Bakı regionda ciddi infrastruktur qurub”

by Baş Redaktor
60 Baxış

Xəbər verdiyimiz kimi, avqustun 31-dən sentyabrın 1-dək Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illik yubiley sammiti keçirilib. Tədbirdə 17 dövlətin lideri iştirak edib. Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan da olub.

Sammitdə ŞƏT-ə üzv və tərəfdaş ölkələrin rəhbərləri ilə yanaşı, BMT-nin Baş katibi Antonio Quterreş, MDB və KTMT rəsmiləri də təmsil olunublar. Genişləndirilmiş “ŞƏT+” formatında keçirilən iclaslarda regional təhlükəsizlik, beynəlxalq hüquq normaları, nəqliyyat dəhlizləri və rəqəmsal əməkdaşlıq layihələri müzakirə olunub. Yekunda təşkilatın 25 illiyi ilə bağlı ortaq bəyannamənin qəbul edilməsi gözlənilir.

Army.az-a danışan politoloq Turan Rzayev deyib ki, ŞƏT 15 iyun 2001-ci ildə Şanxay şəhərində Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis edilib:

“​Təşkilat ilk vaxtlar məhdud regional çərçivədə fəaliyyət göstərirdi. Bu gün isə Avrasiyanın böyük hissəsini əhatə edən siyasi, iqtisadi və təhlükəsizlik platformasına çevrilib.

banner

Məsələn, 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus təşkilata qoşulub. 2025-ci ildə Çinin Tiencin şəhərində keçirilmiş sammitin bəyannaməsinə əsasən, ŞƏT-də müşahidəçi və dialoq tərəfdaşı statuslarının vahid “ŞƏT tərəfdaşı” adı altında birləşdirilməsi barədə qərar qəbul edilib. Hazırda Əfqanıstan, Monqolustan, Türkiyə, Şri-Lanka, Azərbaycan, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, BƏƏ, Maldiv və Myanma ŞƏT-də tərəfdaş statusuna malikdir.

Göründüyü kimi, ŞƏT qısa müddətdə öz coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib. Əslində, təşkilatın coğrafiyasının genişlənməsi və vəd etdiyi potensial Azərbaycanın ŞƏT-ə marağını artırıb.

Azərbaycan 2016-cı ildə ŞƏT-in dialoq tərəfdaşı olub, 2024-cü ildə isə rəsmi olaraq dialoq tərəfdaşı statusundan müşahidəçi statusuna yüksəlmək üçün müraciət edib. Bundan əvvəl Prezident İlham Əliyev ŞƏT-in müvafiq olaraq 2022-ci ildə Özbəkistanda, 2024-cü ildə Qazaxıstanda və 2025-ci ildə Çində keçirilən sammitlərində fəxri qonaq qismində iştirak edib və çıxışlar edib.

Çinin Tiencin şəhərində keçirilmiş ŞƏT sammitində “dialoq tərəfdaşı” və “müşahidəçi” statuslarının “ŞƏT tərəfdaşı” statusunda birləşdirilməsi barədə qərar qəbul olunub və bununla Azərbaycanın təşkilatdakı statusu da “ŞƏT tərəfdaşı” olaraq dəyişdirilib”.

Politoloq qeyd edib ki, Azərbaycanın bu təşkilata marağı ilk növbədə ŞƏT-in əhatə etdiyi coğrafiyadan qaynaqlanır:

“Belə ki, təşkilatın üzvləri arasında Çin, Hindistan və Rusiya kimi qlobal iqtisadi və siyasi güclər, İran və Pakistan kimi geostrateji əhəmiyyətli dövlətlər, həmçinin Mərkəzi Asiyanın Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan kimi ölkələri yer alır. Belarusun da üzvlüyü ilə ŞƏT-in Avrasiya miqyasında əhatə dairəsi daha da genişlənib.

Bu gün Azərbaycanın əhəmiyyəti təşkilat üçün daha böyükdür. Azərbaycanın ən böyük üstünlüyü, şübhəsiz ki, coğrafi mövqeyidir. Bakı son illərdə regionda ciddi infrastruktur qurub. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçməsi, Bakı və Ələt limanları, dəmir yolu infrastrukturu, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Xəzər üzərindən daşımaların genişləndirilməsi Azərbaycanın tranzit potensialını real iqtisadi resursa çevirib”.

Turan Rzayev qeyd edib ki, son illərdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın münasibətlərində baş verən dəyişiklik də təsadüfi deyil:

“Bakı region ölkələri ilə enerji, nəqliyyat, investisiya, logistika və rəqəmsal bağlantılar üzərindən yeni əməkdaşlıq modeli qurur.

Azərbaycanın başqa bir mühüm üstünlüyü də var. Söhbət balanslı xarici siyasətdən gedir. ŞƏT daxilində bütün dövlətlərin maraqları eyni deyil. Çin və Rusiya kimi böyük güclərin öz prioritetləri var. Hindistan və Pakistan arasında ciddi siyasi ziddiyyətlər mövcuddur. Mərkəzi Asiya dövlətləri müxtəlif istiqamətlər üzrə öz milli maraqlarını həyata keçirirlər. İranın, Belarusun və digər tərəfdaşların da ayrıca regional gündəlikləri var.

Azərbaycanın xarici siyasət təcrübəsi məhz belə çoxvektorlu əməkdaşlıq üzərində qurulub. Bakı bir tərəfdən Çinlə əlaqələri inkişaf etdirir, digər tərəfdən Mərkəzi Asiya dövlətləri ilə yaxınlaşır, Rusiya ilə münasibətləri qoruyur, Türkiyə ilə müttəfiqlik əlaqələrini dərinləşdirir, Avropa ilə isə enerji və nəqliyyat sahələrində əməkdaşlığını genişləndirir”.

Əlaqəli Yazılar Xüsusi