ABŞ və İran arasında yeni hərbi qarşıdurmanın baş verəcəyi təqdirdə münaqişənin Qırmızı dəniz və Bab əl-Məndəb boğazına qədər genişlənə biləcəyi bildirilib.
Army.az xəbər verir ki, bu barədə İranın ali rəhbərinin müşaviri, general Yəhya Rəhim Səfəvi danışıb.
Onun sözlərinə görə, mümkün yeni müharibənin miqyası bununla məhdudlaşmaya və növbəti mərhələdə Hind okeanı da daxil olmaqla digər əraziləri əhatə edə bilər.
Səfəvi, həmçinin İranın Yəməndə fəaliyyət göstərən “Ənsarallah” hərəkatına, yəni husilərə dəstək verdiyini açıq şəkildə bildirib.
General Tehranla husilər arasında ortaq maraqlar və təhlükələrin olduğunu deyib. Onun sözlərinə görə, İran Yəmənə, yəmənlilər isə İrana dəstək verir və Yəmənə yönələn təhlükə Tehran tərəfindən İrana qarşı təhdid kimi qiymətləndirilir.
