ABŞ Prezidenti Donald Trampın Ayın ABŞ-a məxsus olması ilə bağlı açıqlaması alimlərin də diqqətini çəkib. Kanadanın Yer və Kosmos Araşdırmaları İnstitutunun fəxri professoru Filip Stuk Trampın bu fikrini rədd edib.
Army.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, Stukun sözlərinə əsasən, ABŞ-ın Aya sahiblik iddiası irəli sürməsi mümkün deyil. Professor bununla yanaşı, Ayın səthinə ilk kosmik aparatı göndərən ölkənin də ABŞ olmadığını xatırladıb.
Stuk bildirib ki, kosmos sahəsində qabaqcıl dövlətlər Ayın heç bir ölkəyə məxsus olmadığını qəbul edirlər. Onun sözlərinə görə, kosmik nailiyyətlərin ilk sahibi olan dövlət belə Aya dair ərazi iddiası irəli sürmür.
Ayın tədqiqi tarixində ilk mühüm mərhələlərdən biri Sovet İttifaqının “Luna-2” missiyası ilə bağlıdır. Aparat 12 sentyabr 1959-cu ildə Baykonur kosmodromundan buraxılıb və sentyabrın 14-də Ayın səthinə çataraq tarixdə başqa bir göy cisminə çatan ilk insan istehsalı aparat olub.
