Finlandiya Ukraynaya müdafiə dəstəyi çərçivəsində 300 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb. Bu qərar Ukrayna Prezidenti Volodimir Zelenski ilə Finlandiyanın Baş naziri Petteri Orpo arasında keçirilən görüşün nəticəsi olaraq elan edilib.
Army.az xəbər verir ki, görüşün görüntüləri Ukrayna prezidentinin sosial şəbəkə hesablarında paylaşılıb.
Yeni yardım paketi əsasən prioritet müdafiə sahələrini gücləndirməyə yönəlib. Xüsusilə hava hücumundan müdafiə sistemlərinin (PVO) inkişafı bu dəstəyin əsas istiqamətlərindən biri kimi göstərilir.
Görüş zamanı Zelenski Finlandiyaya “Drone Deal” adlı yeni formatda ikitərəfli saziş imzalamağı təklif edib. Bu təşəbbüs pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalı sahəsində strateji əməkdaşlığın rəsmiləşdirilməsini nəzərdə tutur.
Ukrayna tərəfi döyüş meydanında qazandığı dron təcrübəsini və əməliyyat biliklərini paylaşmağa hazır olduğunu bildirib. Bu əməkdaşlıq Rusiya-Ukrayna müharibəsinin başladığı dövrdən Ukraynaya dəstək verən ölkələr arasında hərbi texnologiyaların inkişafını sürətləndirməyi hədəfləyir.
Eyni zamanda xatırladılır ki, Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin arsenalına Finlandiyada istehsal olunan “Sisu GTP 4×4” zirehli maşınları da daxil olub. Bu texnikanın Ukraynaya çatdırılması rəsmi olaraq geniş şəkildə açıqlanmasa da, onun dolayı kanallarla və ya üçüncü ölkələr vasitəsilə göndərilmiş ola biləcəyi ehtimal edilir. Xüsusilə İsveçin 300-dən çox bu tip maşın sifariş etməsi bu versiyanı gücləndirir.
