Cənubi Koreyanın yerli istehsalı olan KF-21 “Boramae” qırıcı təyyarəsi döyüş hissələrində xidmətə başlamazdan əvvəl tələb olunan son rəsmi təsdiqi əldə edib.
Army.az xəbər verir ki, ölkənin Müdafiə Satınalmaları Proqramı Administrasiyası (DAPA) tərəfindən aparılan yoxlamaların yekununda təyyarəyə ilkin tip sertifikatı verilib.
Sertifikat uçuşa yararlılığın təsdiqlənməsindən sonra istehsalçı “Korean Aerospace Industries” (KAI) şirkətinə təqdim olunub.
Bu qərar 4,5-ci nəsil hesab edilən KF-21 Block 1 platformasının rəsmi şəkildə tanınması və istismara qəbul yolunda ən vacib mərhələnin tamamlanması kimi qiymətləndirilir.
Təyyarənin hərbi uçuşa yararlılığının qiymətləndirilməsi prosesi 2021-ci ilin aprelində başlayıb və təxminən beş il davam edib. Sınaqlar çərçivəsində pilotun təhlükəsizliyi, müxtəlif hava və iqlim şəraitində fəaliyyət imkanları, ekstremal uçuş rejimlərində etibarlılığı və döyüş tapşırıqlarını yerinə yetirmə qabiliyyəti ətraflı şəkildə yoxlanılıb.
