Hörmüz boğazında hərəkətin qısa müddət ərzində bərpa olunacağı gözlənilir. Lakin uzunmüddətli perspektivdə vəziyyətin normallaşması üçün regionda sabitlik təmin edilməlidir.
Army.az xəbər verir ki, bu barədə Oman Sultanlığının energetika naziri Səlim əl-Əufi bildirib.
Nazir ölkəsinin hazırkı şəraitdə neft və qaz hasilatını davam etdirə bilməsini müsbət qiymətləndirib. O, eyni zamanda neft və mayeləşdirilmiş təbii qazın qiymətlərində kəskin artımın qlobal miqyasda uzun müddət davam etməsinin heç kim üçün dayanıqlı olmadığını vurğulayıb.
Əl-Əufi ixrac prosesində mümkün risklərin azaldılması üçün yeni addımların atılmasının vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, ixrac məhsullarının xarici bazarlara çıxarılması üçün mövcud marşrutların şaxələndirilməsi və alternativ nəqli imkanlarının müəyyənləşdirilməsi artıq təxirəsalınmaz məsələyə çevrilib.
