ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker alyans ölkələrinə qarşı Rusiyadan qaynaqlanan təhlükənin qiymətləndirilməsində ehtiyatlı olmağa çağırıb.
Army.az xəbər verir ki, diplomat bu barədə Associated Press agentliyinə müsahibəsində danışıb.
Uitakerin sözlərinə görə, mümkün qarşıdurma istiqamətində atılan addımlar tərəflərdən heç birinin maraqlarına cavab vermir. O, xüsusilə Rusiyanın hibrid fəaliyyətləri ilə bağlı baş verən hadisələrə həddindən artıq reaksiya göstərilməsinin arzuolunmaz olduğunu vurğulayıb.
“Düşünürəm ki, münaqişəyə aparan yol heç kimin marağında deyil. Diqqət etməli olduğumuz məsələlərdən biri hər hansı hibrid fəaliyyətə həddindən artıq reaksiya verməməkdir”, – deyə ABŞ rəsmisi bildirib.
Diplomat NATO ölkələrinin hava məkanına pilotsuz uçuş aparatlarının daxil olması hallarının son vaxtlar artmasına da münasibət bildirib. Onun fikrincə, bu insidentlər təsadüfi xarakter daşıyır və elektron mübarizə vasitələrinin fəaliyyəti ilə əlaqəli ola bilər.
