Türkiyə Qara dəniz boğazlarının hüquqi statusunu tənzimləyən Montrö Konvensiyasının tətbiqi məsələsində NATO müttəfiqlərinə güzəştə getməyəcəyini bəyan edib.
Army.az xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Yeni Şafak” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ və Fransa uzun müddətdir Qara dənizdə hərbi mövcudluqlarını artırmağa çalışırlar. Ankara isə regionda təhlükəsizliyin təmin edilməsində əsas məsuliyyətin Qara dəniz sahilində yerləşən dövlətlərin üzərinə düşdüyünü düşünür.
Qəzetin yazdığına görə, Türkiyə rəsmiləri Qara dənizə sahilyanı olmayan dövlətlərin hərbi dəniz qüvvələrinin yerləşdirilməsinə razılıq verilməyəcəyi barədə müvafiq tərəflərə aydın mesaj göndəriblər. Bildirilir ki, NATO rəhbərliyi Ankaranın bu məsələdəki həssas mövqeyindən xəbərdardır.
