Ermənistan lideri Vaaqn Xaçaturyanın səhhətində son zamanlar kəskin pisləşmə müşahidə olunur.
Army.az xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, dövlət başçısı oktyabrın 27-si faciəsinin ildönümü ilə əlaqədar təşkil olunan anım tədbirinə qatılmayıb və abidənin önünə gül düzməyib. Eyni zamanda, o, son həftələrdə planlaşdırılan bir sıra səfərlərdən, o cümlədən COP-17 çərçivəsində keçirilən tədbirlərdən imtina edib. Xaçaturyan yalnız bəzi açılışlarda və mütləq söz almalı olduğu mərasimlərdə qısa müddətə görünüb.
Qəzet onu da vurğulayır ki, prezident iş yerinə – iqamətgaha da artıq vaxtaşırı baş çəkir. Ümumilikdə isə onun uzun müddətdir sağlamlıqla bağlı çətinliklər yaşadığı və bu dəyişikliklərin onun ümumi zahiri görkəmində də açıq-aydın hiss olunduğu bildirilir.
