Çin iki müxtəlif istiqamətdən hərəkət edən yüksək sürətli hədəfin zərərsizləşdirildiyi HQ-9B zenit-raket kompleksinin sınaqlarının uğurla keçirildiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə “Janes” agentliyi məlumat yayıb.
Sınaqların diqqətçəkən məqamlarından biri hədəflərdən birinin ələkeçirmə zonasına yaxınlaşarkən hərəkət istiqamətini dəyişməsi olub. Çin tərəfinin bildirdiyinə görə, buna baxmayaraq, hava hücumundan müdafiə kompleksi qarşıya qoyulan vəzifənin öhdəsindən gəlib.
Hərbi ekspert Sun Çjunpin bildirib ki, HQ-9B sistemi müvafiq radar müşahidəsi və operativ reaksiya təmin edildiyi halda ballistik raketləri də ələ keçirmək imkanına malikdir.
Ekspertin sözlərinə görə, bu qabiliyyət hədəfin izlənilməsi, idarəetmə mexanizmlərinin effektivliyi, həmçinin sistemin istiqamətləndirmə və dartı vektoruna nəzarət imkanlarından asılıdır.
“Defense Express” nəşrinin məlumatına görə, HQ-9B Çinin Rusiyanın S-300 sisteminin texnoloji həlləri nəzərə alınmaqla hazırladığı hava hücumundan müdafiə kompleksidir. Onun ixrac üçün nəzərdə tutulan versiyası FD-2000 adı ilə tanınır. Bu sistemləri alan ölkələr sırasında Serbiya, Azərbaycan və Özbəkistan da yer alır.
HQ-9B-nin imkanlarının genişlənməsi Çin və Rusiya müdafiə sənayesi istehsalçıları arasında rəqabəti daha da gücləndirə bilər. Xüsusilə indiyədək S-300 və S-400 komplekslərinə üstünlük verilən beynəlxalq bazarlarda Pekinin mövqelərini möhkəmləndirməsi ehtimalı var.
Bununla yanaşı, Çin özü də Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərindən istifadəni davam etdirir. Ölkənin arsenalında müxtəlif modifikasiyalı S-300 kompleksləri və S-400 sistemləri ilə yanaşı, yerli istehsal olan HQ-9 və HQ-9B qurğuları da mövcuddur.
Ekspertlərin qənaətinə görə, Pekinin HQ-9B ilə bağlı açıqladığı yeni imkanlar Rusiya sistemlərinin beynəlxalq bazardan dərhal sıxışdırılacağı anlamına gəlmir. Gələcək ixrac müqavilələrində texniki göstəricilərlə yanaşı, Çin və Rusiyanın potensial alıcı ölkələrə təsir imkanları da mühüm rol oynayacaq.
