ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərində Demokratlar Partiyasının qələbəsi Vaşinqtonun Ukraynaya dəstəyinin güclənməsinə səbəb ola bilər.
Army.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın ZDF telekanalına müsahibəsində bildirib.
Zelenski qeyd edib ki, Kiyev həm Respublikaçılar, həm də Demokratlar Partiyasının dəstəyini qazanıb və hər iki tərəfə minnətdardır. Bununla belə, onun sözlərinə görə, Demokratlar Ukraynaya və ölkəyə göstərilən yardıma dəstəklərini açıq şəkildə ifadə edirlər.
Ukrayna lideri əlavə edib ki, Demokratlar son illərdə müəyyən qədər zəifləyən ABŞ-Avropa münasibətlərinin bərpasına da çalışırlar. Zelenski vurğulayıb ki, bu əlaqələr olmadan Rusiya Prezidenti Vladimir Putinə qarşı müqavimət göstərmək çətinləşir.
Prezidentin fikrincə, ABŞ-nin Kiyevə maliyyə və hərbi yardımını artırması Moskvanın mövqeyinə təsir göstərə bilər. O hesab edir ki, Konqresin konkret dəstək tədbirləri ilə çıxış etməsi və Avropanın atdığı addımlara bənzər qərarlar qəbul etməsi Putini müharibəni davam etdirməyin məqsədəuyğun olub-olmadığını düşünməyə vadar edə bilər.
