Qırğızıstan Prezidenti Sadır Japarov Nazirlər Kabinetinə bir ay ərzində ölkədə enerji içkilərinin istehsalı və idxalının qadağan olunması məsələsinə baxmağı tapşırıb. Hökumətə bu istiqamətdə altı ay ərzində qanunvericilik çərçivəsində müvafiq tədbirlər görmək göstərişi verilib.
Army.az xəbər verir ki, dövlət başçısı bu barədə vətəndaşlara müraciətində bildirib.
Japarovun sözlərinə görə, təşəbbüs enerji içkilərinin istehlakının əhalinin sağlamlığına mümkün təsiri ilə bağlı narahatlıqlardan irəli gəlir. O qeyd edib ki, məsələni həm vətəndaşlar, həm də Joqorku Keneşin deputatları gündəmə gətiriblər.
Prezidentin açıqladığı statistikaya əsasən, 2025-ci ildə Qırğızıstanda 54 milyon 199 min litr, başqa sözlə, təxminən 129 milyon banka enerji içkisi istehlak edilib. 2026-cı ilin ilk altı ayında isə bu göstərici 36 milyon 83 min litr və ya təxminən 85,9 milyon banka olub.
Ötən il ölkədə 25 milyon 263 min litr enerji içkisi istehsal edilib. Bundan əlavə, 28 milyon 430 min litr Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərdən, 1 milyon 239 min litr isə digər ölkələrdən idxal olunub.
