Ukraynanın paytaxtı Kiyev yaxınlığında aşkarlanan qeyri-qanuni saxlanma yerində 14 yaşlı yeniyetmənin ağır zorakılığa məruz qaldığı iddia olunur.
Army.az xəbər verir ki, bu barədə Ukraynanın yerli sosial media kanallarında məlumat yayılıb.
İddialara görə, yeniyetmə kürəklə döyülüb. Onun vəziyyətinin ağır olduğu, əllərində qan izlərinin aşkarlandığı bildirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə yeniyetmənin zirzəmidən çıxarıldığı əks olunub. Lakin onun hansı səbəbdən həmin yerdə saxlanıldığı barədə rəsmi açıqlama verilməyib.
Bundan əvvəl Kiyev yaxınlığındakı Petropavlovskaya Borşaqovka yaşayış məntəqəsində yerləşən fərdi evin zirzəmisində təxminən 30 nəfərin saxlanıldığı bildirilmişdi. Onların arasında 14 yaşlı yeniyetmənin də olduğu açıqlanmışdı.
Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko zirzəmidə saxlanılan şəxslərin səfərbərliyə cəlb edilmiş vətəndaşlar olduğunu bildirib.
Yeniyetməyə qarşı zorakılıq iddiaları və onun saxlanma şəraiti ilə bağlı məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
