Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampın onunla əlaqə yaratmaq istiqamətindəki təşəbbüslərinə artıq bir ildən çoxdur müsbət cavab vermir.
Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Bildirilib ki, Pxenyan Vaşinqtonun diplomatik təmas cəhdlərini qəbul etmir, Trampın telefon zəngləri cavabsız qalır, göndərdiyi məktublar isə açılmadan geri qaytarılır.
Nəşr yazır ki, iki ölkə arasında münasibətlərdəki bu soyuqluq Trampın 2025-ci ildə yenidən ABŞ prezidenti seçilməsindən qısa müddət sonra özünü göstərməyə başlayıb.
Məlumata əsasən, Şimali Koreya rəsmiləri rəsmi diplomatik kanallar vasitəsilə edilən zəngləri cavabsız qoyublar. Hətta Pxenyanın BMT-dəki Nyu-York nümayəndəliyində çalışan diplomat ABŞ rəsmisinə Trampın göndərdiyi məktubu açmadan geri təhvil verib.
“The Wall Street Journal”ın yazdığına görə, Çində keçirilən son sammit öncəsi Ağ Ev Kim Çen Inla görüş təşkil etmək üçün bir sıra güzəştlərə getməyi nəzərdən keçirib. Bu güzəştlər arasında Koreya müharibəsinin rəsmi başa çatdığının elan edilməsi və Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı tələblərin yumşaldılması da olub.
