Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının üzvü Levan Maçavariani sabiq prezident Mixeil Saakaşvilinin ölkəyə vurduğu zərərin miqyasının onun fəaliyyətinin yalnız bir xarici dövlətin maraqlarına xidmət etməsi ilə izah oluna bilməyəcəyini bildirib. Onun fikrincə, Saakaşvilinin fəaliyyəti bir neçə ölkənin maraqları ilə əlaqəli olub.
Army.az xəbər verir ki, bu barədə Maçavariani sabiq prezidentin sosial şəbəkələrdəki paylaşımına münasibət bildirərkən danışıb.
Hakim partiyanın nümayəndəsi Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanovun Saakaşvilinin andiçmə mərasimində iştirak etdiyini, həmçinin “Qızılgül inqilabı” günlərində Gürcüstana gələn ilk şəxslərdən biri olduğunu xatırladıb:
“Saakaşvilinin neçə ölkənin maraqlarına xidmət etməsi ayrıca müzakirə mövzusudur. O, Gürcüstanın milli maraqları ilə açıq şəkildə ziddiyyət təşkil edən dövlətlərin mənafelərini təmsil edirdi. Bu proseslərdə neçə ölkənin iştirak etdiyini dəqiq söyləmək çətindir. Çünki Saakaşvili Gürcüstana o qədər zərər vurub ki, onun fəaliyyətinin yalnız bir xarici dövlətin maraqlarına xidmət etdiyini demək mümkün deyil. Görünür, burada bir neçə ölkənin maraqları iştirak edib”.
