“ABŞ ilə İran arasında razılığın əldə olunması istiqamətində aparılan danışıqlar bir sıra maneələrlə üzləşir”.
Army.az xəbər verir ki, bunu Yaxın Şərq üzrə ekspert Oleg Makarenko deyib.
O hesab edir ki, prosesin qarşısındakı əsas çətinliklərdən biri İsrail faktorudur:
“Danışıqlar Vaşinqton və Tehran arasında aparılsa da, regiondakı mühüm tərəflərdən olan İsrail bu prosesdə birbaşa iştirak etmir. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir və gərginliyin azalmasına yönəlmiş səylərə baxmayaraq, Livanın cənubu kimi bölgələrdə hərbi əməliyyatların davam etməsinə səbəb olur.
ABŞ-ın İsrailə təsir imkanlarının məhdud görünməsi və əvvəllər əldə olunmuş razılaşmaların icrası ilə bağlı qeyri-müəyyənliklər danışıqların uğuruna kölgə salır”.
Makarenko həmçinin Vaşinqtonun münaqişədən sonrakı bərpa və maliyyə dəstəyi ilə bağlı açıqlamalarında ziddiyyətlər olduğunu vurğulayıb.
Onun fikrincə, bu cür dəyişkən mövqe proses iştirakçılarının etimadını azaldır.
Mütəxəssis xatırladıb ki, ABŞ prezidenti Donald Tramp əvvəlcə regionun bərpası üçün 300 milyard dollar ayrılacağını bəyan etsə də, daha sonra ABŞ-ın bu məqsədlə vəsait ayırmayacağını bildirib. Bu isə maliyyələşdirmə məsələsi ətrafında əlavə suallar yaradır.
