Avqustun əvvəlindən Rusiya ordusu Kupyansk istiqamətində hücum əməliyyatlarını davam etdirsə də, nəzərəçarpacaq irəliləyiş əldə edə bilməyib.
Army.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Hesabatda qeyd olunur ki, buna əsas səbəb Ukrayna Silahlı Qüvvələrinin bölgədə həyata keçirdiyi əks-hücum əməliyyatlarıdır. Bununla belə, bəzi rusiyalı hərbi bloqerlər Rusiya qüvvələrinin Kupyanskın mərkəzi, şəhərin şimal və cənub hissələri, eləcə də Kupyansk-Vuzlovıyın qərbi istiqamətində irəlilədiyini iddia edirlər.
ISW bu iddiaların fonunda Ukrayna ordusunun şəhər ətrafında fəal müqavimət göstərdiyini və əks-hücumlar həyata keçirdiyini vurğulayır.
Hesabatda Ukrayna Milli Qvardiyasının 2-ci Korpusunun sözçüsü Volodimir Deqtyaryovun açıqlamasına da yer verilib. Onun sözlərinə görə, Ukrayna qüvvələri Xarkov vilayətində eyni vaxtda iki istiqamətdə fəaliyyət göstərir: Xarkov şəhərinin şimal və şərqində müdafiə əməliyyatları aparılır, Kupyansk istiqamətində isə hücum əməliyyatları davam etdirilir.
