Polşa ABŞ hərbçilərinin ölkə ərazisində daimi əsasda yerləşdirilməsinə hazır olduğunu açıqlayıb. Varşava bu çərçivədə 10 minədək amerikalı əsgərin Polşada yerləşdirilməsini mümkün hesab edir.
Army.az xəbər verir ki, bu barədə Polşanın baş nazirinin müavini, xarici işlər naziri Radoslav Sikorski Nyu-Yorkda Xarici Əlaqələr Şurasının təşkil etdiyi tədbirdə danışıb.
Sikorskinin sözlərinə görə, Varşava ABŞ hərbi kontingentinin Polşanın təhlükəsizliyinə əlavə təminat verəcək səviyyədə olmasını istəyir. Eyni zamanda, bu hərbi mövcudluğun Moskva tərəfindən birbaşa təhdid kimi qəbul edilməməsinin vacib olduğu vurğulanıb.
“ABŞ-ın burada olmasına ehtiyacımız var ki, bu, bizə təhlükəsizlik baxımından əminlik versin, lakin Rusiya üçün təhdid yaratmasın. Ümid edirik ki, ABŞ Prezidenti Donald Tramp bu məsələdə Polşa Prezidentinə verdiyi vədinə sadiq qalacaq”, – deyə Sikorski bildirib.
