ABŞ Prezidenti Donald Trampın İranla mümkün müharibə barədə verdiyi fərqli açıqlamalara rəğmən, İsrail Tehranla yenidən hərbi qarşıdurma ehtimalını nəzərə alaraq müdafiə imkanlarını artırmaq istiqamətində addımlarını davam etdirir.
Army.az xəbər verir ki, bu barədə İsrailin hərbi dairələrindəki mənbələrə istinadən “Ynet” nəşri məlumat yayıb.
İsrailin müdafiə strukturlarında növbəti mümkün qarşıdurmanın əvvəlkilərlə müqayisədə fərqli ssenari üzrə inkişaf edə biləcəyi qənaəti var. Təl-Əvivin qiymətləndirməsinə görə, İran ABŞ və İsrailin daha əvvəl həyata keçirdiyi hərbi əməliyyatlardan nəticə çıxararaq döyüş strategiyasında dəyişikliklər edib. Bu baxımdan, Tehran yeni müharibə zamanı aviasiyadan geniş istifadə etməkdənsə, raket arsenalının gücləndirilməsinə və hava hücumundan müdafiə imkanlarına daha çox diqqət ayıra bilər.
“Ynet”in yazdığına görə, İsrail mümkün müharibənin uzun müddət davam etməməsi və daha geniş regional qarşıdurmaya çevrilməməsi üçün qısa müddətdə yüksək intensivlikli hərbi əməliyyatlar aparmaq ssenarisini nəzərdən keçirir. Bununla yanaşı, müdafiə rəsmiləri hərbi toqquşmanın başlanacağı təqdirdə onun nə qədər davam edəcəyini və hansı nəticələr doğuracağını indidən müəyyənləşdirməyin çətin olduğunu bildirirlər.
