Türkiyəli iş adamı Hamdi Akına məxsus olduğu bildirilən TC-AKF qeydiyyat nömrəli özəl jet Liviyanın Misrata şəhərində qəza keçirib.
Army.az xəbər verir ki bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyədən Liviyaya sərnişin götürmək üçün yola çıxan “Cessna Citation Latitude” tipli biznes təyyarəsi yerli vaxtla saat 10:07-də Misrata hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxıb və daha sonra alovlanıb.
“AirportHaber”in əldə etdiyi məlumata əsasən, təyyarənin göyərtəsində pilot və kabin əməkdaşı olub. Onların hər ikisinin qəzanı xəsarət almadan keçirdiyi bildirilir. Hadisə nəticəsində başqa yaralanan şəxsin olmadığı qeyd edilir.
Məlumata görə, Hamdi Akına aid olduğu iddia edilən TC-AKF qeydiyyatlı təyyarə “Bikinijet” şirkəti tərəfindən istismar olunub.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
