Rusiya Ukraynaya qarşı müharibədə istifadə olunan pilotsuz uçuş aparatlarının istehsalında Şimali Koreya vətəndaşlarının əməyindən getdikcə daha çox yararlanır.
Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Hesabatda bildirilir ki, Şimali Koreyadan olan bəzi işçilər beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə Rusiyada rəsmi sənədlərdə tələbə kimi göstərilir.
Monitorinq qrupunun qiymətləndirməsinə əsasən, Rusiyanın PUA sənayesində 25 minədək Şimali Koreya vətəndaşı çalışa bilər. Onların əsasən Tatarıstanda yerləşən müəssisələrdə, o cümlədən Alabuga xüsusi iqtisadi zonasında PUA-ların yığılmasına cəlb edildiyi qeyd olunur.
Hesabat müəllifləri hesab edirlər ki, bu proses Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlığın yalnız silah və hərbi personal mübadiləsi ilə məhdudlaşmadığını göstərir. Əmək resurslarının və sənaye imkanlarının da bu əməkdaşlığın bir hissəsinə çevrildiyi bildirilir.
