“Hörmüz boğazı hazırda İran İslam Respublikasının güc nümayiş etdirdiyi və ABŞ ilə üz-üzə dayandığı məkandır”.
Army.az xəbər verir ki, bunu İran parlamenti sədrinin müavini Həmid Rza Hacı Babayi deyib.
“Hörmüz boğazı bu gün İran İslam Respublikasının güc nümayiş etdirdiyi və ABŞ ilə üz-üzə dayandığı məkandır. ABŞ bütün gücü ilə, eləcə də region ölkələri vasitəsilə boğazda bizim mövqeyimizi zəiflətməyə çalışır”, – deyə o bildirib.
Hacı Babayi əlavə edib ki, İran ABŞ ilə razılığa gələ bilməz:
“Ümumiyyətlə, biz ABŞ ilə razılaşa bilmərik. Çünki nə o, bizimlə razılaşa bilər, nə də biz onunla razılaşa bilərik”.
İranlı deputat həmçinin vurğulayıb ki, ABŞ-ın regiondakı iqtisadi dayaqları hədəfə alınmalıdır:
“ABŞ-ın regiondakı iqtisadi dayaqlarına hücum etməliyik. Əgər bunu etsək, üstünlük bizim tərəfimizdə olacaq”.
