Ev Ekspert rəyiAzərbaycan–Hindistan münasibətlərində buzlar əriyir? – Politoloqdan mühüm mesajlar

Azərbaycan–Hindistan münasibətlərində buzlar əriyir? – Politoloqdan mühüm mesajlar

by Baş Redaktor
43 Baxış

Azərbaycanla Hindistan arasında münasibətlərin normallaşması və yeni əməkdaşlıq imkanlarının yaranması perspektivi gündəmə gəlir. Bakı ilə Dehli arasında diplomatik soyuqluğun aradan qalxması tərəflər üçün yeni siyasi və iqtisadi imkanlar aça, regiondakı geosiyasi münasibətlərə də təsir göstərə bilər.

Bəs Azərbaycan–Hindistan yaxınlaşması hansı amillərdən asılıdır və Pakistan bu prosesə necə reaksiya verə bilər?

Army.az-a danışan politoloq Turab Rzayevin sözlərinə görə, Azərbaycanla Hindistan arasında yaranmış qarşıdurma daha çox emosional amillərlə bağlı olub və uzunmüddətli xarakter daşıması gözlənilən deyildi:

“Azərbaycan ilə Hindistan arasında olan bu qarşıdurma əslində süni xarakter daşıyırdı. Ona görə də onun uzun müddət gündəmdə qalması mümkün deyildi. Çünki bu, daha çox emosiyalardan qaynaqlanırdı, nəinki geostrateji vəziyyətdən.

banner

Azərbaycan cəmiyyətində müharibə ilə bağlı Türkiyə və Pakistanla güclü həmrəylik formalaşmışdı. Bir tərəfdən bu, bizim ictimai mövqeyimizə təsir edirdi, digər tərəfdən isə Hindistanda əks reaksiya doğururdu. Hindistan hərbi sənayesinin Ermənistanla və Fransa ilə yaxınlaşması bizdə buna adekvat reaksiya doğurdu və nəticədə Hindistanla müəyyən qədər siyasi soyuqluq yaranmışdı.

Turab Rzayev

Uzunmüddətli perspektivdən baxdıqda, Hindistan dünyanın yüksələn iqtisadi və siyasi güclərindən biridir. Belə böyük iqtisadi və kolossal güclə Azərbaycanın hər hansı bir problemi olmamalıdır. Daha əvvəllər Çinlə də müəyyən məsafə vardı, lakin biz o məsafəni aşdıq və hazırda Çinlə Azərbaycan çox sıx, xoş münasibətlərdə olan ölkələrdir”.

Turab Rzayev hesab edir ki, Hindistan Azərbaycanı regionda mühüm aktor və maraqlarının olduğu ölkə kimi qiymətləndirir:

“Dehli bölgəyə ixracını artırmağa, eləcə də iqtisadi və siyasi proseslərə daha fəal inteqrasiya olunmağa çalışır.

Azərbaycan Şimal–Cənub nəqliyyat dəhlizində aktiv rol oynayır ki, bu dəhliz də faktiki olaraq Hindistanı Rusiya və Avropa ilə birləşdirir.

Azərbaycanın Türkiyə və Pakistanla müttəfiq olduğu kimi, İsraillə də strateji münasibətləri mövcuddur. İsrailin də Hindistanla sıx strateji əlaqələri var. Məsələn, bəzi texnologiyalar var ki, İsrail onları sırf strateji olaraq Azərbaycan və Hindistanla bölüşür. Belə olan halda, dolayı yolla Hindistan da Azərbaycanla strateji əlaqələr qura biləcək ölkə halına gəlir”.

Politoloqun fikrincə, Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması perspektivi Azərbaycanın beynəlxalq siyasətə yanaşmasına da təsir göstərir:

“Bu şəraitdə Bakı ilə Dehli arasında münasibətlərin emosional qarşıdurmadan qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa keçməsi mümkün ola bilər.

Xüsusilə Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması bizim dünya siyasətinə baxışımızı da dəyişdirir. Ona görə də hesab edirəm ki, Hindistanla arada olan müvəqqəti emosional qarşıdurma gec-tez öz yerini siyasi-praqmatik hesablamalara buraxacaq və münasibətlər normallaşacaq.

Əlbəttə ki, bu yaxınlaşmanı bəyənməyən tərəflər də olacaq. Lakin əsas məsələ strateji yaxın tərəfdaşlar müəyyən etməkdir”.

Əlaqəli Yazılar Xüsusi