Rusiya Ukraynaya qarşı müharibəni uzun müddət davam etdirmək üçün idarəolunan aviasiya bombalarının istehsalını genişləndirir.
Army.az xəbər verir ki, bu barədə “Kyiv Independent” nəşri məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə Rusiyanın TRV-Engineering şirkəti aviasiya bombalarının idarəetmə sistemlərində istifadə olunan təxminən 278 min servoötürücü alıb. Bu komponentlər təxminən 139 min bomba üçün idarəetmə dəstinin hazırlanmasına imkan verir.
Araşdırmada diqqət çəkən məqamlardan biri də istehsal zəncirində iştirak edən şirkətlərin bir qisminin hələ də Qərb sanksiyalarına məruz qalmamasıdır. İstehsalla əlaqəli 20 şirkətdən yalnız səkkizinə məhdudiyyət tətbiq edildiyi bildirilir.
Analitiklər xüsusilə Çin şirkətlərinin roluna diqqət çəkirlər. Məlumata əsasən, bu sahədə təchizatçı olan dörd Çin şirkətindən yalnız biri ABŞ-ın ixrac məhdudiyyətlərinə daxildir. Böyük Britaniya və Avropa İttifaqı isə həmin şirkətlərin heç birinə sanksiya tətbiq etməyib.
Ukrayna müharibəsində istifadə olunan UMPK və UMPB dəstləri adi aviasiya bombalarını idarəolunan silahlara çevirir. Bu sistemlər bombaların uçuş məsafəsini və zərbə dəqiqliyini artırır, Rusiya təyyarələrinə isə Ukraynanın bəzi hava hücumundan müdafiə sistemlərinin təsir dairəsinə daxil olmadan hədəfləri vurmaq imkanı yaradır.
