Rusiyanın müdafiə sənayesi sənədlərində İran üçün 90 ədəd idarəolunan raket buraxılış qurğusunun istehsalına dair sifarişin yer aldığı iddia olunur.
Army.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti noyabrın 5-də dərc etdiyi materialda məlumat yayıb.
Nəşrin yazdığına görə, helikopterlərdə quraşdırılmaq üçün nəzərdə tutulan buraxılış qurğularının sifarişi Rusiyanın iri müdafiə sənayesi şirkətlərindən birinin 2024–2025-ci illər üzrə istehsal planında “K-10” kodu ilə qeydə alınıb.
“Financial Times” Rusiyanın digər silah müqavilələrinə dair sənədləri də araşdıraraq, sözügedən kodun İrana aid olduğu qənaətinə gəlib.
Məqalədə, həmçinin Rusiyanın “Vımpel” raket şirkətinin 2024-cü ilin may ayında başqa bir müdafiə sənayesi müəssisəsinə ünvanladığı məktuba istinad olunur. Sənəd qəzetə Ukraynada fəaliyyət göstərən özəl kəşfiyyat qurumu tərəfindən təqdim edilib.
