Liviyanın Benqazi şəhəri yaxınlığında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Merkuri” korveti pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində gəmidə olan Rusiya və Liviya vətəndaşları arasında ölənlərin olduğu bildirilir.
Army.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Nəşrin yazdığına görə, korvetə doğru üç dron göndərilib. Hücumdan sonra gəmidə güclü partlayış baş verib və ardınca yanğın başlayıb.
Yerli mənbələr bir neçə Rusiya və Liviya vətəndaşının həyatını itirdiyini bildiriblər. Hadisə zamanı hərbi gəmi Benqazinin mülki dəniz limanında, hərbi-dəniz bazasının yaxınlığında dayanıb.
Məlumata əsasən, korvetin göyərtəsində silahlar, döyüş sursatları və pilotsuz uçuş aparatları yerləşdirilib.
Peyk görüntülərində gəminin ciddi zədələndiyi və demək olar ki, tamamilə suya qərq olduğu görünür. Görüntülərə əsasən, korvetin yalnız ön hissəsi suyun üzərində qalıb.
