Almaniyanın “Quantum Systems” şirkəti ILA 2026 sərgisində yeni nəsil “Pulse” P19 çoxməqsədli pilotsuz uçuş aparatını nümayiş etdirməyə hazırlaşır. Platforma həm insan tərəfindən idarə oluna, həm də tam avtonom rejimdə fəaliyyət göstərə bilir.
Army.az xəbər verir ki, yeni layihə ilə şirkət indiyədək əsas diqqət yetirdiyi logistika və kəşfiyyat sahələrindən kənara çıxaraq döyüş və kamikadze tipli sistemlər bazarına daxil olmağı hədəfləyir.
Gələn həftə Berlində təşkil olunacaq ILA 2026 aviasiya sərgisində silah inteqrasiyası mümkün olan və “istəyə bağlı pilotlu” konsepsiyası əsasında hazırlanan “Pulse” P19 ilk dəfə geniş ictimaiyyətə təqdim ediləcək.
Şirkət hələlik aparatın texniki göstəricilərini tam açıqlamayıb. Bununla belə, yayımlanan təqdimat videosunda kokpit bölməsi, ön hissədə quraşdırılmış pərli mühərrik və qanadlar altında ən azı altı sursat və ya digər yükün daşınmasına imkan verən asqı nöqtələri diqqət çəkir.
