İran ABŞ-ın hücumları nəticəsində ölən hər bir iranlıya görə bir amerikalı hərbçinin öldürüləcəyini bəyan edib.
Army.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının komandanı Əli Abdollahı “Mehr” agentliyinə açıqlamasında bildirib.
“Bu andan etibarən aşağıdakı formulun qüvvəyə mindiyini və tətbiq olunacağını hesab edirik. Biz bunu artıq praktikada sübut etmişik: İran İslam Respublikasının hər bir vətəndaşının ölümü müqabilində bir amerikalı hərbçi məhv ediləcək. Sizin üçün cəhənnəmə pulsuz biletlər hazırlamışıq”, – deyə hərbçi bildirib.
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən “Amazon” məlumat emalı mərkəzinin məhv edildiyini açıqlamışdı.
Bildirilib ki, zərbələr ABŞ-ın ölkənin cənub-qərbində yerləşən Dərxoveyn şəhərində tikilməkdə olan atom elektrik stansiyasına və mülki infrastruktura endirdiyi hücuma cavab olaraq həyata keçirilib.
