Böyük Britaniya Rusiyanın enerji sektoruna qarşı növbəti sanksiyalar paketini tətbiq etməyə hazırlaşır.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Yeni məhdudiyyətlərin əsas hədəfi Rusiyanın neft və qaz ixracında istifadə etdiyi “kölgə donanması”, mayeləşdirilmiş təbii qaz daşıyan gəmilər, eləcə də beynəlxalq sanksiyalardan yayınmaq və hərbi ehtiyacların maliyyələşdirilməsi üçün istifadə olunduğu bildirilən maliyyə şəbəkələri olacaq.
Gözlənilir ki, bu barədə açıqlamanı Böyük Britaniyanın Baş naziri Keir Starmer bu gün edəcək.
Məlumata görə, Starmer eyni zamanda London və Kiyev arasında əldə olunan yeni razılaşmanı da elan edəcək. Həmin sənədə əsasən, Böyük Britaniya qarşıdakı iki il ərzində Ukraynanın atom elektrik stansiyalarının fəaliyyətinin təmin edilməsi üçün zənginləşdirilmiş uran tədarük edəcək.
Yeni addımların Rusiyaya iqtisadi təzyiqi artırmaqla yanaşı, Ukraynanın enerji təhlükəsizliyini gücləndirməyə yönəldiyi bildirilir.
