Moldova hökuməti MDB çərçivəsində imzalanmış insan alveri və insan orqanlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı sazişdən çıxmaq qərarına gəlib.
Army.az xəbər verir ki, qərar hökumətin bu gün keçirilən iclasında qəbul olunub.
Söhbət 2005-ci il noyabrın 25-də imzalanmış “İnsan alveri, insan orqanları və toxumalarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişdən gedir.
Sənədin denonsasiyası ilə bağlı layihəni təqdim edən daxili işlər naziri Daniela Misail-Nikitina qərarın ölkənin Avropa İttifaqına inteqrasiya istiqamətində yürütdüyü siyasətlə əlaqəli olduğunu bildirib.
Nazirin sözlərinə görə, Moldova hazırda insan alverinə qarşı mübarizədə Avropa Şurasının müvafiq konvensiyası, Avropa ölkələri ilə əməkdaşlıq formatları və “İnterpol”un mexanizmlərindən istifadə edir.
Misail-Nikitina hesab edir ki, mövcud saziş artıq müasir beynəlxalq əməkdaşlıq mexanizmlərini və hazırkı reallıqları tam əks etdirmir. Bu səbəbdən Kişinev həmin sənəddən imtina etmək qərarına gəlib.
Hökumətin qəbul etdiyi qərar rəsmi şəkildə dərc olunduqdan sonra qüvvəyə minəcək.
