Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri Odessa vilayəti yaxınlığında Rusiyaya məxsus dəniz pilotsuz aparatını (MBPA) zərərsizləşdirib.
Army.az xəbər verir ki, dron bölgədəki limanlardan birinə yaxınlaşmağa cəhd edib.
Qeyd olunur ki, dənizçilər obyektin liman infrastrukturuna doğru hərəkət etdiyini aşkar ediblər və identifikasiyadan dərhal sonra onu məhv ediblər. Əməliyyatda həmçinin “Mavic” kəşfiyyat dronu vasitəsilə müşahidə aparılıb. Hədəfin kiçik silahlarla və ya pulemyotla təchiz olunmuş döyüş modulu ilə vurulduğu ehtimal edilir.
Xatırladılır ki, 2025-ci ilin aprelində Rusiyada Müdafiə Nazirliyi yanında pilotsuz sistemlərin inkişafı üzrə yeni qurum – Hərbi Dəniz Texnologiyaları üzrə İdarələrarası Şura yaradılıb. Bu strukturun dəniz texnologiyalarının inkişafını sürətləndirmək və donanmanı müasir həllərlə təmin etmək məqsədi daşıdığı bildirilir.
Rusiya mənbələrinin məlumatına görə, donanma üçün perspektivli layihələr arasında “Katran” pilotsuz katerləri və gəmilərdən buraxıla bilən “Şpak VMF” FPV dronları yer alır. 2025-ci ildə “Vizir” dronlarının da xidmətə verilməsi gözlənilir.
