ABŞ Dəniz Piyadaları Korpusu ilk ənənəvi qalxma və enmə qabiliyyətinə malik “Collaborative Combat Aircraft” (CCA) tipli pilotsuz uçuş aparatlarını 2029-cu ildə silahlanmaya qəbul etməyi planlaşdırır. Bununla yanaşı, qısa məsafədən qalxıb-enə bilən oxşar platformaların yaradılması da nəzərdən keçirilir.
Army.az xəbər verir ki, bu məlumatlar yaxın vaxtlarda “XQ-58 Valkyrie” dronunun, eləcə də digər CCA sistemlərinin “F-35 Lightning II” qırıcıları ilə birlikdə istifadə olunması planlarının açıqlanmasından sonra gündəmə gəlib.
Məqsəd bu platformaları gələcəkdə daha geniş yeni nəsil hava döyüş sistemlərinə keçid üçün “körpü” kimi istifadə etməkdir. Bu sistemlərə hətta 6-cı nəsil pilotlu qırıcıların da daxil ola biləcəyi bildirilir.
Proqramla bağlı son yeniliklər Vaşinqtonda keçirilən “Modern Day Marine” konfransında açıqlanıb. Layihə rəhbərlərindən biri polkovnik Skot Şadfort bildirib ki, əsas məqsədlərdən biri mövcud XQ-58 platformasını daha tez-tez istifadə oluna bilən, ənənəvi qalxma və enmə imkanına malik versiyaya çevirməkdir.
2024-cü ilin payızında dörd sınaq uçuşu həyata keçirilib. Bu ayın əvvəlində isə Çin Leyk bazasında yük sistemləri və inteqrasiya ilə bağlı əlavə testlər başa çatdırılıb.
İndiyədək sınaqlar əsasən raket sürətləndiricili (RATO) variantlarla aparılıb. Lakin Dəniz Piyadaları ilk dəfə adi qalxma və enmə rejimi ilə uçuşu bu ilin yayının ortalarından sonuna qədər həyata keçirməyi planlaşdırır.
