Pentaqon hər bir bölməni kiçik hücum dronları ilə təchiz etmək planı çərçivəsində “birdəfəlik istifadə olunan” pilotsuz uçuş aparatlarının (FPV dronlar) alınmasına başlayıb.
Army.az xəbər verir ki, bu barədə proqramın rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyi “Gauntlet 1” yarışmasında iştirak edən 11 ən yaxşı istehsalçıdan 10-u ilə ümumilikdə 20 min ədəd kiçik FPV dronun alınmasına dair sifariş verib. Bu rəqəm əvvəl gözlənilən göstəricidən 10 min ədəd azdır, lakin üçüncü yerdə olan “Napatree” şirkəti ilə bağlı hələ yekun müqavilə imzalanmayıb.
“Leaderboard” məlumatına əsasən, “Neros” şirkəti ən çox dron tədarük edən istehsalçıdır. Şirkət 2 400 ədəd dronun hamısını ABŞ ordusuna çatdırıb, onlardan 1040-ı artıq qəbul edilib. Digər şirkətlər isə ümumilikdə 560 dron təhvil verib, qalan hissə isə istehsal və yoxlama mərhələsindədir.
Ukrayna və Rusiya müharibəsində FPV tipli ucuz dronlar geniş istifadə olunur və hər iki tərəfin hərbi texnikasına ciddi zərər vurduğu bildirilir. ABŞ bu müharibədən əldə edilən təcrübələr əsasında Pentaqon rəhbərliyi ötən yay dron sənayesinin genişləndirilməsi barədə göstəriş verib.
Müdafiə naziri Pit Heqset bildirib ki, 2026-cı maliyyə ilinin sonunadək hər bir hərbi bölmə bu tip kiçik hücum dronları ilə təmin olunacaq.
Pentaqonun planına əsasən, yaxın iki il ərzində dronların alınmasına təxminən 1 milyard dollar xərclənməsi nəzərdə tutulur. Bu məqsədlə keçirilən “Gauntlet” müsabiqəsində 25 şirkət iştirak edib və ən yaxşı 11 istehsalçı seçilib.
