Ev Ekspert rəyiİrəvanda seçki sonrası gərginlik: Moskva hərəkətə keçir?

İrəvanda seçki sonrası gərginlik: Moskva hərəkətə keçir?

by Baş Redaktor
28 Baxış

İyunun 7-də Ermənistanda keçirilən seçkilərdə Nikol Paşinyan rəqiblərini səs çoxluğu ilə qabaqlasa da, nəticə “qəti üstünlük” kimi qiymətləndirilmədi və təxminən 50 faizlik göstərici ilə kifayətləndi.

Bu vəziyyət Paşinyanın daxili siyasi mövqeyini necə gücləndirir və ya məhdudlaşdırır, həm Ermənistan–Rusiya münasibətləri, həm də Ermənistan–Azərbaycan sülh prosesi kontekstində növbəti mərhələ necə dəyərləndirilə bilər?

Rusiyanın daha sərt təzyiqləri və ya aqressiv addımları gözlənilirmi, Azərbaycanla sülh müqaviləsinin imzalanması isə nə dərəcədə real görünür?

Army.az-a danışan politoloq Turab Rzayev deyib ki, Ermənistanda seçkilərin nəticəsini Nikol Paşinyan üçün kifayət qədər uğurlu saymaq olar:

banner

“İlk mərhələdə Paşinyan hakimiyyəti qoruyub saxlaya bildi. Bu, böyük uğurdur. İkinci mərhələ üçün əhəmiyyətli məqam ondan ibarətdir ki, yüksək səs qazana bilməyən partiyaların səsləri Nikol Paşinyan komandasına parlamentdə əlavə deputat mandatı qazandıra bilər. Bu da Paşinyan üçün hakimiyyətini gücləndirmək imkanıdır.

Turab Rzayev

Ermənistan xalqı çox açıq şəkildə mövqeyini ortaya qoydu. Bildirdilər ki, Qərbi və demokratiyanı seçirlər, Rusiyadan, onun diktə etdiyi müharibə şəraitindən, Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdən, revanşist yanaşmadan imtina edirlər. Bundan sonrakı vəziyyət Nikol Paşinyan hakimiyyətinin davranışından asılıdır.

Rusiya təhdidlər etdi, açıq şəkildə bildirdi ki, Ermənistanla ciddi problemləri olacaq. Ermənistandan mövqe ortaya qoymasını istədi. Faktiki olaraq rəsmi İrəvanı seçim qarşısında qoyaraq Rusiyanı seçməsini tələb etdi. İki stolda eyni anda otura bilməyəcəyini göstərdi.

Ermənistan Qərb istiqamətində ciddi addımlar atarsa, Moldova yolunu seçib rus bazasını tamamilə çıxarmağa çalışarsa, Rusiyanın böyük aqressiyasını görə bilərik. İndiki vəziyyətdə bunun real olduğunu düşünmürəm. Nikol Paşinyan illərdir Ermənistanı idarə edir və bu müddətdə iki ölkə arasında müharibə olmayıb.

Azərbaycan Ermənistanla sülh müqaviləsini Paşinyan hakimiyyəti dövründə imzalaya bilər. Naxçıvana quru yolun əldə edilməsi, uzun illik müharibənin bitməsi və tərəflər arasında regional əməkdaşlığın yaranması da məhz bu dövrdə mümkündür. Əks halda, revanşistlərin hakimiyyətə gəlməsi yeni müharibələrə səbəb ola bilər. Bizim üçün ən uğurlu model Paşinyanın hakimiyyətdə qalmasıdır”.

Əlaqəli Yazılar Xüsusi