İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, ABŞ-ın İranla bağlı strateji maraqları İsrailin maraqlarından daha genişdir.
Army.az xəbər verir ki, o, bu fikirləri ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında Vaşinqtonda keçiriləcək görüşü şərh edərkən səsləndirib.
Katsın sözlərinə görə, İsrail İranın enerji infrastrukturuna zərbələr endirmək niyyətində olsa da, Vaşinqton bu yanaşmanı dəstəkləmir:
“Biz İranın enerji obyektlərini hədəf almaq istərdik, lakin ABŞ bununla razı deyil. İranlılar da bilirlər ki, İsrailin İrana qarşı əməliyyatlarında istifadə olunan ABŞ döyüş təyyarələri İsrail ərazisindən havaya qalxır”.
İsrailin İrana qarşı əməliyyatlarını qiymətləndirən Kats qeyd edib ki, ölkəsi öz təhlükəsizliyini təmin etmək üçün lazım gəldikdə müstəqil şəkildə də hərəkət etməyə hazırdır:
“İsraili məhv etməklə hədələyən güc ağır zərbə alıb. Əgər İsrailə yenidən hücum edilərsə, bütün imkanlarımızla cavab verəcəyik. Zərurət yaranacağı təqdirdə İrana öz gücümüz hesabına da zərbə endirməyə hazırıq”.
