Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalist Anna Gevorkyanı və “İravunk tert” MMC-ni məhkəməyə verib. Hökumət başçısı barəsində yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirərək onların təkzib olunmasını tələb edir. Paşinyan, həmçinin mənəvi zərərə görə 4 milyon dram (təxminən 11 min dollar) məbləğində kompensasiya ödənilməsini istəyir.
Army.az xəbər verir ki, Ermənistan mətbuatının məlumatına əsasən, iddiaya səbəb olan materiallar əvvəlcə sentyabrın 30-da Anna Gevorkyanın şəxsi “Facebook” hesabında, daha sonra isə oktyabrın 5-də “İravunk tert” qəzetinin internet saytında və sosial şəbəkə səhifələrində dərc olunub.
Həmin məlumatlarda Paşinyan və həyat yoldaşı Anna Akopyanın böyük həcmdə sərvət əldə etdikləri və bu aktivləri rəsmiləşdirməyə hazırlaşdıqları irəli sürülüb.
Yayımlanan iddialarda cütlüyün daşınmaz əmlakının və maliyyə aktivlərinin əsas hissəsini Avropa İttifaqı ölkələrində yerləşdirməyi planlaşdırdığı da qeyd olunub. Bundan başqa, Anna Akopyanın Parisin mərkəzində 5,7 milyon avro dəyərində mənzil aldığı barədə ehtimal irəli sürülüb.
