ABŞ Prezidenti Donald Trampın ABŞ qoşunlarının Almaniya ərazisindən çıxarılması ideyası həm hərbi dairələrdə, həm də Avropada ciddi reaksiyaya səbəb olub.
Army.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“ABŞ Müdafiə Nazirliyi (Pentaqon) daxilində bir çox rəsmilər bu fikri ilk dəfə Trampın “Truth Social” platformasındakı paylaşımından öyrəniblər və əvvəlcədən heç bir ixtisar planı hazırlanmayıb.
Alman rəsmiləri də son konstruktiv danışıqlardan sonra belə bir açıqlamanın gözlənilməz olduğunu bildiriblər. Onlardan biri qeyd edib ki, “Trampın sərt təzyiq siyasəti artıq həddini aşır” və qoşunların çıxarılması həm Almaniya, həm də ABŞ üçün ciddi nəticələr doğura bilər.
Hazırda Almaniyada təxminən 35–40 min ABŞ hərbçisi yerləşdirilib, həmçinin əsas komandanlıq strukturları və hərbi infrastruktur fəaliyyət göstərir.
Mütəxəssislərə görə, belə böyük kontingentin sürətlə çıxarılması həm maliyyə, həm də logistika baxımından olduqca çətindir, xüsusilə də ABŞ-ın eyni zamanda digər bölgələrdə, o cümlədən İranla bağlı hərbi fəaliyyətlərdə iştirak etdiyi şəraitdə”, – deyə qeyd edilib.
