Ukraynanın Dövlət Sərhəd Xidmətində Rusiya hərbi kəşfiyyatına işləyən bir agent ifşa olunub. O, Kiyev və Çerniqov istiqamətində raket və dron hücumlarının planlaşdırılması üçün marşrutların hazırlanmasında iştirak edib.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, həmin şəxs hava hücumundan müdafiə sistemlərinin, radar stansiyalarının, zenit-raket komplekslərinin və mobil atəş qruplarının yerləşdiyi mövqeləri izləyib və xəritələşdirib.
O, elektron xəritələrdə Ukrayna PUA bölmələrinin yerləşdiyi əraziləri və hava hücumundan müdafiə sistemlərinin mümkün marşrutlarını qeyd edib, həmçinin obyektlərin relyef üzrə hündürlük məlumatlarını toplayıb.
Toplanmış məlumatlar onun telefonunda “hesabat” formasında saxlanılıb və Rusiya hərbi kəşfiyyatına ötürülmək üçün hazırlanıb.
Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları onu potensial hədəflərdən birinin yaxınlığında aparılan əməliyyat zamanı saxlayıblar. Telefonundan kəşfiyyat fəaliyyətini təsdiqləyən materiallar götürülüb.
Hazırda o, həbsdə saxlanılır və dövlətə xəyanət ittihamı ilə ömürlük həbs cəzası ilə üzləşə bilər.
