Ukrayna kəşfiyyatı Rusiyanın ölkə ərazisinə və dənizdəki gəmilərə qarşı yeni hücumlar hazırladığı barədə məlumat əldə edib.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Komandanlıq Qərargahının iclasının yekunları ilə bağlı Telegram kanalında paylaşım edib.
Prezident bildirib ki, Ukrayna tərəfi mümkün hücumların qarşısını almaq üçün əks-tədbirlər hazırlayır.
“Əks-tədbirlər hazırlayırıq. Bu gün Ukrayna Müdafiə Qüvvələrinin tərəfdaşlarımızdan tələb etdiyi tədarüklərlə bağlı sorğuların siyahısını yeniləmişik. Bu məsələni dövlət liderləri ilə müzakirə edəcəyəm”, – deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, iclasda cəbhədəki vəziyyət də müzakirə olunub. Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatı ilk dəfə bu formatda məruzə ilə çıxış edərək Slavyansk, Konstantinovka və Zaporojye istiqamətlərindəki vəziyyət barədə məlumat verib.
Bundan əlavə, iclas iştirakçıları Rusiyanın hərbi infrastrukturuna uzaqmənzilli zərbələr planının icrasını, logistika məsələlərini, Rusiyanın Odessa və Odessa vilayətinə hücumlarının nəticələrini, eləcə də Qara dənizdəki ixrac dəhlizinin fəaliyyətini müzakirə ediblər.
