Almaniyanın Silahlı Qüvvələri (Bundesver) Hörmüz boğazında ehtimal olunan əməliyyatlara cəlb edilə biləcək hərbçilər üçün məzuniyyətləri müvəqqəti dayandırıb.
Army.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Qeyd edilir ki, Almaniya Hörmüz boğazında minaların aşkar edilməsi və zərərsizləşdirilməsi ilə bağlı mümkün missiyada iştirak variantını nəzərdən keçirir. Kansler Fridrix Merts ümumi siyasi istiqaməti müəyyənləşdirsə də, son qərar hələ qəbul olunmayıb.
Mənbənin yazdığına əsasən, Hərbi Dəniz Qüvvələrində hazırlıq tədbirləri sürətlə davam etdirilir: əməliyyat planları üzərində iş aparılır, yeni pilotsuz uçuş aparatları alınır, şəxsi heyətin hazırlıq səviyyəsi yüksəldilir və hərbçilərin məzuniyyətə çıxışı məhdudlaşdırılıb.
“Heyətlərimiz daim yüksək hazırlıq vəziyyətindədir. Ancaq Hörmüz boğazı bizim üçün fərqli mühitdir – bölgəni yetərincə tanımırıq”, – deyə vurğulanıb.
Qeyd olunub ki, bölgəyə göndərilmə yalnız mümkün atəşkəs şəraitində nəzərdən keçirilə bilər. Eyni zamanda, Müdafiə Nazirliyi əlavə vəsait ayıraraq yeni texniki vasitələr – dronlar və rabitə avadanlıqları alır ki, hərbçilər əməliyyat zonasında ailələri ilə əlaqə saxlaya bilsinlər.
